Mingəçevir Turizm Kollecində 27 Sentyabr – Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

Mingəçevir Turizm Kollecində 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid ailələri, kollecin müharibə iştirakçısı olan müəllimləri, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri, kollecin rəhbərliyi və tələbələri dəyirmi masa ətrafında toplaşıblar.
Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən, şəhidlərimizin göstərdiyi qəhrəmanlıqdan və onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyindən bəhs ediblər.
Dəyirmi masa çərçivəsində Vətən müharibəsi şəhidlərinin valideynləri də çıxış edərək öz övladları ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Şəhid Gökhan Səfərov, şəhid Kənan Abdullayev, şəhid Musa və Tural Həsənov qardaşlarının valideynləri çıxışlarında şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, Vətənə bağlılıqlarından və qəhrəmanlıqlarından söz açıblar.
Şəhidlərimizin əziz xatirəsini daim uca tutacağıq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!











