MİNGƏÇEVİR TURİZM KOLLECİNDƏ “SƏN ÖZ HÜQUQLARINI BİLİRSƏNMİ?” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

MİNGƏÇEVİR TURİZM KOLLECİNDƏ “SƏN ÖZ HÜQUQLARINI BİLİRSƏNMİ?” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
13 noyabr 2026-cı il tarixində Mingəçevir Turizm Kollecində uşaq hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə istiqamətində “Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi uşaq və yeniyetmələrin hüquqi savadlılığını artırmaq, onların hüquq və vəzifələri barədə məlumatlılığını gücləndirmək, eləcə də hüquq pozuntuları və müxtəlif çətinliklərlə qarşılaşdıqları zaman müdafiə mexanizmləri və müraciət yolları haqqında praktiki biliklər qazandırmaq olub.
Tədbirdə Mingəçevir Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun baş inspektoru Nicat Mustafayev, həmin qrupun inspektoru Teymur Baxışev, Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili, Mingəçevir Turizm Kollecinin hüquq müəllimi Zaur Saadov, eləcə də kollecin müəllim və tələbə heyəti iştirak edib.
Tədbir çərçivəsində çıxış edən Nicat Mustafayev “Yetkinlik yaşına çatmayanların hüquqpozmalarının profilaktikası və onların qanuni məsuliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, yeniyetmələr arasında hüquqpozmaların, dərsə davamiyyətsizliyin və zərərli vərdişlərin qarşısının alınması istiqamətində həyata keçirilən profilaktik tədbirlərdən bəhs edib. Eyni zamanda, yetkinlik yaşına çatmayanların hüquqları ilə yanaşı, onların qanunvericiliklə müəyyən edilmiş məsuliyyətləri, valideynlərin üzərinə düşən öhdəliklər və təhlükə ilə qarşılaşdıqları zaman polisə, o cümlədən 102 xidmətinə müraciət qaydaları diqqətə çatdırılıb.
Teymur Baxışev çıxışında yetkinlik yaşına çatmayanların hüquq və təhlükəsizliyinin qorunması, onların hüquqazidd davranışlardan uzaq tutulması və hüquqpozmaların qarşısının alınmasında profilaktik maarifləndirmənin əhəmiyyəti barədə danışıb. O, yeniyetmələrin gündəlik həyatda qarşılaşa biləcəkləri risklər, hüquqi məsuliyyət və qanunlara riayət etməyin vacibliyi ilə bağlı fikirlərini bölüşərək tələbələrə müvafiq tövsiyələr verib.
Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Zaur Saadov “Uşaq hüquqlarının milli qanunvericilik və beynəlxalq standartlarla qorunması” mövzusunda çıxış edərək Azərbaycan Respublikasının qanunvericiliyi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası əsasında uşaqların əsas hüquqları barədə ətraflı məlumat verib. Yaşamaq, təhsil almaq, fikrini sərbəst ifadə etmək və müdafiə olunmaq hüquqlarının əhəmiyyətini vurğulayan vəkil ailədə, təhsil müəssisəsində və cəmiyyətdə hüquq pozuntuları baş verdiyi hallarda hüquqi müdafiə mexanizmləri, pulsuz hüquqi yardım almaq imkanları və vəkillərin bu sahədəki rolu haqqında danışıb.
Tədbirin müzakirə və sual-cavab hissəsində tələbələri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ünvanlanan suallar cavablandırılıb və real həyat nümunələri əsasında maarifləndirici tövsiyələr verilib.








