Mühasibat uçotu

Mühasibatlıq ixtisası bir müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edən əsas sahələrdən biridir. Müəssisələr cari dövr ərzində maliyyə vəziyyətlərini müəyyənləşdirərkən və eyni zamanda gələcək fəaliyyətləri barəsində qərar verərkən mühasib və auditlərin verdiyi məlumatlara əsasən hərəkət edirlər. Belə ki, mühasibat uçotu və audit şöbəsinin verdiyi qərarlar müəssisənin mövcud vəziyyətini ifadə etməklə qalmayıb, eyni zamanda gələcək investisiya qərarlarının verilməsinə kömək edir. “Mühasibat” ixtisasının əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqlarını qazandırmaqdır. Müxtəlif maliyyə təşkilatlarında mühasiblərə ehtiyac duyulur. Bunlara sığorta agentlikləri, vergi müfəttişlikləri, pensiya fondları daxildir. Bundan əlavə, bu mütəxəssislərə sənaye, tibb, nəqliyyat və bir çox fəaliyyət sahələrində ehtiyac duyulur. İnformasiyanı necə təhlil etməyi, sintez etməyi, ümumiləşdirməyi bacaran  insanın yaxşı mühasib olmaq şansı var. Bu ixtisas yaxşı riyazi bacarığı olan eləcədə iqtisadiyyat və hüquq ilə maraqlananlar üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Vergi, statistika və DMFS ( Dövlət Sosial Müdafiə Fondu) hesabatlarının hazırlanması;
  • ➝ Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və  təqdim edilməsi;
  • ➝ Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registerlərində) düzgün əks etdirilməsi;
  • ➝ Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • ➝ Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
  • ➝ Əməkhaqqı və məzuniyyətlərin hesablanması;
  • ➝ Anbar hesabatlarının hazırlanması və  onlara nəzarət.

Auditor üçün öhdəliklər:

  • ➝ Maliyyə və mühasibatlıq üzrə audit yoxlamalarını aparmaq ;
  • ➝ Təftiş komissiyalarının işi ilə əlaqədar daxili audit xidmətlərinin hesabatlarını və digər sənədləşməni aparmaq;
  • ➝ Rüsumların, vergilərin və ödənişlərin düzgünlüyünün yoxlanılması;
  • ➝ İlkin və mühasibatlıq sənədlərinin, haq-hesabların, ödəmə öhdəliklərinin və qaydalarının nəzarəti.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ İqtisadiyyat və Maliyyə Nazirlikləri başda olmaqla müxtəlif nazirliklərdə
  • ➝ Dövlət müəssisələrində
  • ➝ Böyük Dördlükdə (EY, KPMG, Deloitte, PwC) və s. çalışa bilərlər.