Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə anım və maarifləndirici tədbirlər təşkil olunmuşdur

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə anım və maarifləndirici tədbirlər təşkil olunmuşdur. Tədbirlər çərçivəsində hər iki növbədə ilk dərs saatları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş, dərslər mövzu üzrə tarixi faktların, beynəlxalq hüquqi qiymətləndirmələrin və faciənin ictimai-siyasi nəticələrinin təhlili istiqamətində aparılmışdır. Tələbə və müəllim heyəti Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. Anım günü ilə əlaqədar olaraq kollecin binasında Azərbaycan Respublikasının Dövlət Bayrağı yarıya qədər endirilmişdir. Daha sonra kollecin inzibati və pedaqoji heyəti, eləcə də tələbələr Şəhidlər xiyabanını ziyarət etmiş, soyqırımı abidəsi önünə gül dəstələri düzərək Xocalı faciəsi qurbanlarının və Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə etmişlər.
Tədbirlər çərçivəsində kollecdə bədii-publisistik kompozisiya təqdim olunmuşdur. Tələbələr tərəfindən Xocalı faciəsinə həsr edilmiş şeirlər səsləndirilmiş, mövzuya uyğun mono-pyes nümayiş etdirilmişdir. Sonda faciənin tarixi mahiyyətini, insanlıq əleyhinə cinayət xarakterini və beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülən işləri əks etdirən videoçarx nümayiş olunmuşdur. Keçirilmiş silsilə tədbirlərin əsas məqsədi gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, Xocalı soyqırımının hüquqi-siyasi mahiyyəti barədə məlumatlılığın artırılması və şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsidir.











