12 noyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12 noyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Mingəçevir Turizm Kolleci və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardından ölkəmizin suverenliyi, müstəqilliyi və hüquqi dövlət quruculuğunda Konstitusiyanın rolu barədə məlumat verilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Turizm Kollecinin direktor müavini Aynurə Abbasova iştirakçıları salamlayaraq qeyd edib ki, 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin əsasını təşkil edir. Bu sənəd xalqın iradəsini, hüquq və azadlıqlarını, eləcə də ölkədə demokratik dəyərlərin bərqərar olmasını təmin edən mühüm hüquqi bazadır.
Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli çıxış edərək gənclərin hüquqi maariflənməsinin vacibliyindən danışıb, Konstitusiyanın gənc nəsil tərəfindən dərindən öyrənilməsinin dövlət quruculuğuna töhfə verdiyini vurğulayıb. Çıxışları davam etdirən kollecin hüquq müəllimi Qənimət Hüseynov belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, həmçinin hüquq mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Tədbirin gedişində konstitusiya gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.












