Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – “Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – “Anım Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Mingəçevir Regional Turizm İdarəsi, Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Hitech İnvest MMC, River Side otelinin rəhbər və inzibati heyəti, kollecin rəhbərliyi, müəllim və tələbələri Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş və itkin düşmüş əsgər və zabitlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Daha sonra tədbir dəyirmi masa ətrafında davam edib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov 27 Sentyabr – “Anım Günü”nün xalqımız üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb. Çıxışları davam etdirən Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə düşən 44 günlük müharibənin müasir gənc nəslin formalaşmasında və əsl vətənpərvər kimi yetişməsində xüsusi rol oynadığını qeyd edib. Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib. Daha sonra müharibənin canlı şahidləri veteranlar və qazilər öz xatirələrini bölüşüblər. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirik.

















