Mingəçevir şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbi və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirilib.

03 noyabr 2026-cı il tarixində Vaqif Ağakişiyev adına Mingəçevir şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbi və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl iştirakçılar məktəbin həyətində şəhid Vaqif Ağakişiyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra məktəbin dəhlizində şagird və tələbələrin Zəfər Gününə həsr etdikləri rəsm əsərlərinə baxış keçirilib.
Tədbirdə Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri Rüstəm Aslanov, Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, məktəbin direktoru Arifə İsayeva, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, müəllimlər, tələbə və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Arifə İsayeva qonaqları salamlayaraq Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. Daha sonra çıxış edən qonaqlar, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq salnaməsindən, şəhidlərimizin misilsiz fədakarlığından və bu gün işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq və bərpa işlərindən bəhs ediblər.
Tədbir boyunca məktəblilərin və Mingəçevir Turizm Kollecinin tələbələrinin hazırladıqları vətənpərvərlik ruhlu bədii kompozisiyalar, şeirlər və musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.













