Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecinin tələbələri üçün həyata keçirilən “Poliqon” gənclər üçün hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi baş tutub

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecinin tələbələri üçün həyata keçirilən “Poliqon” gənclər üçün hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi baş tutub. Açılış mərasimində əvvəlcə iştirakçılara düşərgənin məqsədi, təşkilati qaydaları və qarşıda onları gözləyən təlim proqramları barədə məlumat verilib. Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Coşqun Hidayətov düşərgənin ölkə gənclərinin inkişaf strategiyası çərçivəsində həyata keçirilən önəmli layihələrdən biri olduğunu qeyd edib. Bildirib ki, proqram çərçivəsində tələbələri müxtəlif fiziki tapşırıqlar, komanda yarışları, simulyasiya edilmiş situasiya məşğələləri, həmçinin liderlik və qərarvermə üzrə praktiki təlimlər gözləyir. Çıxışları davam etdirən Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli gənclər üçün təşkil edilən bu növ tədbirlərin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov Gənclər və İdman Nazirliyinə düşərgənin təşkili üçün minnətdarlığını bildirib.
Gənclərdə vətənpərvərlik, milli qürur, ləyaqət ruhunu gücləndirmək və Zəfər tarixini təbliğ etmək məqsədilə təşkil edilən bu düşərgənin tələbələrimizin həm fiziki, həm intellektual, həm də psixoloji hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Rəsmi hissənin sonunda çıxış edən Kür Olimpiya İdman-Tədris Mərkəzinin direktoru Ceyhun Mirzəyev bu proqramın tələbələrə yeni bacarıqlar qazandıracağını qeyd edib. Mingəçevir Turizm Kollecinin tələbələri açılış mərasimində yüksək fəallıq nümayiş etdirərək qarşıda duran təlim və fəaliyyətlərə böyük maraq göstəriblər. Tələbələrin enerjisi, intizamı və öyrənməyə hazır olması mərasimin ümumi atmosferinə xüsusi dinamika qatıb.
















