Mingəçevir Turizm Kollecində 7 aprel 2026-cı il tarixində tələbələr üçün “İnformasiya təhlükəsizliyi və saxta informasiyalara qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib

Mingəçevir Turizm Kollecində 7 aprel 2026-cı il tarixində Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, “Kanal32” Media Şəbəkəsinin təsisçisi, politoloq İnqilab Şirinlinin təşəbbüsü ilə tələbələr üçün “İnformasiya təhlükəsizliyi və saxta informasiyalara qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarın əsas məqsədi tələbələrin informasiya savadlılığını artırmaq, onları saxta xəbərlərdən qorunma yolları ilə tanış etmək və rəqəmsal mühitdə düzgün davranış qaydaları barədə məlumatlandırmaq olub. Seminar zamanı İnqilab Şirinli informasiya təhlükəsizliyinin müasir dövrdə əhəmiyyətindən bəhs edərək, xüsusilə sosial şəbəkələrdə yayılan saxta informasiyaların cəmiyyətə mənfi təsirlərini diqqətə çatdırıb.
Çıxış zamanı saxta informasiya anlayışı izah olunub, dezinformasiyanın məqsədi və yayılma formaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, seminar çərçivəsində kiber təhlükəsizlik mövzusuna da toxunulub. Tələbələrə internet mühitində təhlükəsizliyin qorunması, şəxsi məlumatların mühafizəsi, güclü şifrələrin seçilməsi, şübhəli link və mənbələrdən uzaq durmaq kimi vacib məqamlar izah edilib. Bildirilib ki, düzgün informasiya seçimi və rəqəmsal təhlükəsizlik qaydalarına riayət olunması hər bir istifadəçi üçün mühüm əhəmiyyət kəsb edir.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.












