Mingəçevir Turizm Kollecində yeni tədris ilinin başlanması ilə əlaqədar ümumi orta və tam orta təhsil bazasından qəbul olunan tələbələr üçün “Tanışlıq günü” keçirilib

Mingəçevir Turizm Kollecində yeni tədris ilinin başlanması ilə əlaqədar ümumi orta və tam orta təhsil bazasından qəbul olunan tələbələr üçün “Tanışlıq günü” keçirilib. Tədbirin əsas məqsədi tələbələrin kollecin daxili mühiti, tədrisin təşkili qaydaları və akademik proseslərlə tanışlığını təmin etmək olub.
Akademik məsləhətçilər və qrup rəhbərlərinin təqdimatlarında kollecin fəaliyyət istiqamətləri, mövcud ixtisaslar, daxili intizam qaydaları, tələbələrin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Tam orta təhsil bazasından qəbul olunan tələbələr üçün tədrisin kredit sistemi ilə təşkili qaydaları, qiymətləndirmə mexanizmi və istehsalat təcrübəsinin təşkili, ümumi orta təhsil bazasından qəbul olunan tələbələr üçün isə summativ qiymətləndirmə və buraxılış imtahanları ilə bağlı izahlar təqdim olunub.
Bununla yanaşı, kollecin direktoru Kamal Əhmədov yeni qəbul olunan tələbələrin valideynləri ilə görüş keçirib, onlara təhsil prosesinin təşkili və kollecimizdə təhsilin gələcək perspektivləri barədə ətraflı məlumat verib. Direktor valideynlərlə səmimi fikir mübadiləsi apararaq övladlarının uğurlu gələcəyi naminə birgə əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb, həmçinin kollecdə valideynlərin təhsil prosesinə yaxından cəlb olunması məqsədilə “Valideynlər Şurası”nın yaradılması təklifini verib.
Mingəçevir Turizm Kolleci ailəsi olaraq yeni dərs ili münasibətilə tələbələrimizi təbrik edir, onların gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.













