25 iyun 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad elmləri doktoru, dosent Anar Eminov Mingəçevir Turizm Kollecinin qonağı olub

25 iyun 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad elmləri doktoru, dosent Anar Eminov Mingəçevir Turizm Kollecinin qonağı olub. Ziyarət əsnasında rektor kollecin rəhbərliyi və pedaqoji heyəti ilə görüşərək, iki təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları, gələcək perspektivlər və birgə layihələr ətrafında fikir mübadiləsi aparıb.
Görüşü Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov açaraq, rektorun kollektivlə görüşünü yüksək qiymətləndirib və bu təşəbbüsün bölgədə təhsilin inkişafına müsbət təsir göstərəcəyinə inandığını bildirib. O, rəhbərlik etdiyi kollecin fəaliyyət istiqamətləri, mövcud tədris resursları və əmək bazarına yönəlik kadr hazırlığı ilə bağlı ətraflı məlumat verib.
Daha sonra çıxış edən rektor Anar Eminov ali təhsil müəssisəsi ilə orta ixtisas təhsili müəssisəsi arasında əməkdaşlığın tələbələrin davamlı təhsil imkanlarına çıxışını asanlaşdıracağını və daha çevik karyera planlamasına şərait yaradacağını qeyd edib, təhsil sahəsində birgə fəaliyyətlərin və ortaq təşəbbüslərin əhəmiyyətindən bəhs edib.
Görüş zamanı müəllimlər və inzibati heyətlə səmimi dialoq qurulub, onların təklif və təşəbbüsləri dinlənilib.
Görüşdən sonra rektor kollecin maddi-texniki bazası və tədris mühiti ilə yaxından tanış olub. Tədris otaqları, laboratoriyalar, kitabxana və digər tədris məkanlarına baxış keçirilib.



















