Xalqımızın milli dəyərlərini, mədəniyyətini və adət-ənənələrini özündə əks etdirən Novruz bayramı və İlaxır çərşənbəsi Mingəçevir Turizm Kollecində böyük coşqu ilə qeyd edilib.

Milli dəyərlərimizin əbədiyaşarlıq rəmzi və ümumxalq bayramı olan Novruz bayramı elimizə qədəm qoyur. Xalqımızın milli dəyərlərini, mədəniyyətini və adət-ənənələrini özündə əks etdirən Novruz bayramı və İlaxır çərşənbəsi Mingəçevir Turizm Kollecində böyük coşqu ilə qeyd edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin davamında kollecin direktoru bütün Azərbaycan xalqının Novruz bayramını səmimi qəlbdən təbrik edib. “Konstitusiya və suverenlik ili” olan 2025-ci ildə xalqımıza yeni-yeni uğurlar arzulayıb. Suveren və qalib xalqın vətəndaşı olaraq Novruz bayramını qeyd etməyin daha qürurverici olduğunu vurğulayıb.
Novruz inancları ilə bağlı səhnəciklər, Novruz rəmzləri olan Kosa, Keçəl, Bahar qızı və Dədə Qorqudun tədbirə qatılması tədbiri daha rəngarəng edib. Müəllim və tələbələrin şux rəqsləri, milli və müasir musiqilər əsl bayram coşqusu yaradıb.
Tədbirin sonunda Azərbaycan xalqının təfəkküründə işıqlı sabah və xeyir- bərəkət rəmzi olan Novruz tonqalı yandırılıb. Novruz tonqalını Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət əlaməti olaraq, kollecin əməkdaşı, şəhid leytenant Kənan Abdullayevin anası Azadə xanım yandırıb.



















