Turizmin iqtisadiyyatı

Hal- hazırda Azərbaycan Respublikasında təsərrüfat fəaliyyətinin əsas dairəsi kimi turizm böyük əhəmiyyət kəsb edir və bir sıra xarakterik cəhətlərə malikdir. Turizm insanların, bütövlükdə cəmiyyətin maraqlarının ifadəçisi, mikro və makro səviyyələrdə gəlirlərin mənbəyi kimi çıxış edir. Bu sahə  əməktutumlu fəaliyyət növü olduğundan, ölkədə əlavə iş yerlərinin açılmasında mühüm rol oynayır, infrastrukturun, yerli sənayenin və xalq yaradıcılıq nümunələrinin inkişaf etdirilməsinə şərait yaradır, hotellərin tikintisini sürətləndirir.

     Ölkənin ÜDM-nin formalaşmasında, xarici ticarət balansının aktivləşməsində turizm mühüm əhəmiyyət kəsb edir. Lakin turizm ölkə iqtisadiyyatının hakim mövqelərində duran nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı, əhaliyə istehlak mallarının istehsalı və s. sahələrə güclü təsir göstərir, sosial-iqtisadi inkişafın özünəməxsus katalizatoru kimi çıxış edir.

    Eyni zamanda, bu sahənin özünə də demoqrafik, təbii-coğrafi, sosial-iqtisadi, tarixi, dini, siyasi-hüquqi və s. müxtəlif amillər təsir göstərir. Ümumdünya iqtisadi bazarının məlumatlarına əsasən turizmin iqtisadi inkişaf göstəriciləri əksər ölkələrdə ən dinamik inkişaf edən sahə kimi daim artım tempinə malikdir.

   Bu istiqamətdə xüsusi hazırlığı olmayan işçilər çoxluq təşkil edir. Lakin bu o demək deyildir ki, turizm sahəsində yüksək ixtisaslı əmək istifadə olunmur. Əksinə, turizm inkişaf etdikcə daha ixtisaslı, peşəkar işçilərə tələb artır və iqtisadiyyatın digər sahələri ilə müqayisədə onun coğrafi miqyası da genişlənir.

Dünyada turizmin inkişafına elmi-texniki tərəqqi, əhalinin yaşayış səviyyəsinin və onun səmərəli asudə vaxtının, məzuniyyətinin artması, iqtisadi və siyasi sabitlik kimi amillər təsir göstərir.

   Daxili turizmlə yanaşı, xarici turizmin inkişafı hər bir ölkə üçün onun iqtisadiyyatının fundamental əsası hesab edilə bilər. Son dövrlərdə turizmdə işgüzar səfərlərin, təqaüdçülərin və yaşlı nəslin səyahətlərinin rolu artmışdır.

  Turizmin inkişafı amilləri:

1. İqtisadi inkişaf və sosial tərəqqi nəticəsində həm işgüzar, həm də maraq dairələrinin artması ilə bağlı səfərlərin sayının çoxalması;

2. Nəqliyyatın bütün növlərinin təkmilləşdirilməsi sayəsində gediş-gəlişin ucuzlaşdırılması, əhalinin bütün təbəqələrinin bunlardan istifadəsinə münbit şəraitin yaradılması;

3. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə fəhlə və qulluqçuların sayının, maddi və mədəni səviyyələrinin yüksəlməsi, onların dünyagörüşü və mənəvi dəyərlərinin artmasına səbəb olması. Bundan başqa, əməyin intensivləşdirilməsi və işçilər tərəfindən uzunmüddətli məzuniyyətlərin əldə edilməsi onların daha məzmunlu istirahəti üçün əsas olmuşdur.

İxtisasın gələcəyi

Dövlətlərarası əlaqələrin və mədəni mübadilələrin genişlənməsi  turizmin inkişafına təkan vermişdir. Xidmətin inkişafı telekommunikasiya sahəsində texnoloji tərəqqini stimullaşdırmış, turizm mübadilələrinin coğrafiyasını və miqyasını genişləndirmişdir. Nəhayət, valyutanın ölkədən çıxarılmasına olan məhdudiyyətlərin yumşaldılması və sərhəd rəsmiyyətlərinin sadələşdirilməsi turizmin inkişafını stimullaşdırmışdır. 

Beynəlxalq təcrübədən göründüyü kimi dövlət tərəfindən turizmə qoyulan irimiqyaslı investisiyalar özəl sektorda xüsusi maraq yaradır və onlar bu investisiya proqramlarında dövlətlə bərabərhüquqlu iştirakçı olurlar.

Turizm sosial-mədəni fəaliyyət növü olmaqla yanaşı, həm də səyahət zamanı insanların zəruri tələbatını təmin edən iqtisadiyyatın mühüm sahəsidir və onun gələcək inkişafı, təkmilləşdirilməsi ölkənin gəlirlərinin artmasına imkan yarada bilər.

 

İş yerləri

  1. Azərbaycan Turizm Bürosu
  2. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi
  3. InTravel Az
  4. Turizm Akademiyası
  5. Azerbaijan Travel İnternational
  6. Fan Travel