Muzey işi və abidələrin qorunması

İxtisasın  təsviri

      Muzey işində ixtisas dedikdə ilk öncə göz önünə muzeyşünas gəlir. Muzey işinin isə elmi-nəzəri əsaslarını “muzeyşünaslıq” öyrənir. Muzeyşünaslıq – muzeylərin yaranması, muzey fəaliyyətinin elmi-tədqiqi, ictimai mərhələləri, nəzəri əsasları, metodu, metodoloji əsasları, qanunauyğunluqları, qanunları və prinsiplərindən bəhs edən elmdir. Muzey işi-elmi, mədəni-mənəvi və estetik tələbatın ödənilməsi məqsədilə insan, onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin əldə edilməsi, qorunması, qeydə alınması, tədqiqi, təbliği və nümayişi hesab olunur. Muzeyşünaslıq,arxiv işi və abidələrin qorunması ixtisası tələbələrə muzey və tarixi-memarlıq abidələrinin qorunmasını, bərpasını öyrədir.

     Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Xalqın bilik və məlumat dairəsini genişləndirir, tarixi-mədəni incilərini qoruyur, yaşadır, təbliğ edir, sistemli tədqiqat işləri aparır. Sahə tarixə və dünya sənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) ?

Muzey işinə:

  • Muzey kolleksiyalarının və əşyalarının komplektləşdirilməsi, onların qeydiyyatının mühafizəsinin təşkili və bütövlüyünün təmin olunması;
  • Muzey kolleksiyaları,arxiv, kitabxana və digər materiallar əsasında səmərəli elmi tədqiqatlar;
  • Muzey ekspozisiyalarının və sərgilərin təşkili,muzey sahəsində dizayn və tərtibat işlərinin həyata keçirilməsi; Muzey əşyalarının konservasiyası və bərpasını bütün növləri;
  • Muzey kolleksiyalarının kataloqlarının hazırlanması və nəşr olunması;
  • Muzeydaxili kütləvi tədbirlərin təşkili və muzeydənkənar tədbirlər;
  • Muzey mühiti vasitəsiylə tərbiyə prosesinin səmərəli təşkili;
  • Muzey kolleksiyalarının  tətbiqi daxildir.

Baş mühafizin fəaliyyəti aşağıdakı plan ardıcıllığı ilə yerinə yetirilməlidir: 

➝ Muzeyin bütün fondlanma düzgün uçot işi planlaşdırılmalıdır;

➝ Muzey sərvətlərinin sıradan çıxmaması və oğurlanmamasından ötrü lazımi mühafizə şəraitinin yaradılması üçün tədbirlər planı hazırlanmalı və bu plana uyğun fəaliyyət mexanizmi qurulmalıdır;

➝ Uçot-mühafızə işinə dair bütün sənədlərin planlı şəkildə düzgün aparılmasına nail olunmalıdır; -sərvətlərin aşkarlanması, muzeyə daxil olması, onların uçotu, saxlanması, bərpası, mühafizəsi planlı şəkildə yerinə yetirilməlidir; -uçot-mühafızə işləri üzrə məsuliyyəti müəyyənləşdirən muzeydaxili təlimatların planlı və vaxtında işlənib hazırlanmasına nəzarət ediməlidir;

➝ Muzey mühafizlərinin müvafiq təlimat haqqında biliklərinin yoxlanılması planlı şəkildə təşkil edilməlidir: -zədələnmiş sərvətlər haqqında müvafiq tədbirlər planlı şəkildə yerinə yetirilməlidir;

➝ Muzey tərəfindən maddi və mənəvi mədəniyyət abidələri üçün planlı şəkildə fərdi işin açılması, müvafiq sənədlərin həmin işdə planlı olaraq toplanması, lazımi tədbirlərin görülməsi prosesi planlı şəkildə həyata keçirilməlidir və s.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Muzeydə (memorial muzeylər və ev muzeyləri də daxildir)
  • ➝ Qalereyalarda,
  • ➝ Dövlət tarixi bədii qoruq müəssisələrində
  • ➝ Pararel olaraq elmi fəaliyyətinə də davam edə bilər

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Azərbaycanın, həmçinin digər ölkələrin tarixini,mədəniyyətini, abidələrin memarlıq üslublarını dərindən bilməli;
  • Nəzakətli, səlis nitq bu peşə sahiblərin gələn yerli və xarici qonaqlara düzgün ünsiyyət qurması, tariximizi, mədəniyyətimizi tanıtması üçün vacibdir;
  • Dil bilgisi bu peşə sahibləri üçün xarici qonaqlara lazımi məlumatların ötürülməsi üçün lazımdır;
  • Muzey işçisi yaradıcı olmalıdır;
  • Bərpaçılıqda da, bələdçilərin fəaliyyətində də, ekspozisiyanın tərtibatında da,ümumiyyətlə, fəaliyyətin bütün mərhələlərində yaradıcılıq vacib sayılır;
  • Öz nəzəri biliklərini durmadan artırmalıdır;
  • Təcrübə, qabiliyyət və bacarıqlarını mütəmadı inkişaf etdirməli, yaradıcı vərdişlərə yiyələnməlidir;
  • Muzeyin fəaliyyətinə yaradıcı yanaşmalıdır
  • Yüksək mədəni davranış, ziyarətçinin qəlbinə nüfuz etmək, onlarda qonaq olduğu bölgəyə qarşı hörmət, ehtiram hissi qaldırmaq bacarığı olmalıdır
  • Gülərüz və nəzakətli olmaq;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Komandada işləmək istəyi;
  • Dini və mədəni baxımdan tolerant olmaq;
  • Təşkilatçılıq bacarıqlarının olması;
  • Estetik zövq və yaradıcı düşüncə;
  • Təşəbbüskarlıq;
  • Məsuliyyətli və dürüst olmaq.

İxtisasın gələcəyi

     Hələ ki, dünya muzeyləri ilə müqayisədə biz muzey işində çox geridəyik. Ən zəif cəhətlərimizdən biri elm muzeyinin olmamasıdır. Bakı şəhərindəki bir neçə böyük muzeyləri və Şəki, Gəncə kimi şəhərləri çıxmaq şərtiylə, qalan rayon muzeylərinin tərtibatında hələ də “ənənəvi sovet” muzey işi metodu ilə iş qurulur. Mövzu üzrə interaktivlər animasiyalar və s. demək olar ki, yox dərəcəsindədir.

    Ölkəmizdə muzey fəaliyyəti ümumi inkişafla bağlı olduğundan, onun hərtərəfli şəkildə həyata keçirilməsi də iqtisadi, sosial, elmi, mədəni, siyasi həyatla təmasda reallaşır. Bu gün ölkəmizdə muzeylərin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu sahənin inkişafına daha çox diqqət ayrılır.