Bələdçilik işi

İxtisasın mahiyyəti

Turizm bələdçisi yerli  və xarici turistlərə turizm marşrutları üzrə respublikamızın bölgələrinin coğrafiyası, tarixi,  iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında  ətraflı məlumat verən şəxsdir. İxtisas tarix, psixologiya, dünya incəsənət mədəniyyəti, xarici dillər və coğrafiya ilə maraqlananlar üçün uyğundur. Görməli yerləri mükəmməl bilməklə yanaşı, bələdçi dinləyiciləri mövcud məlumatlarla maraqlandırmaq üçün ünsiyyətcil və hətta sənət adamı olmalıdır. Bələdçi çətin bir vəziyyəti başa düşməli, münaqişəni həll etməli və səfəri turistlər üçün mümkün qədər rahat etməyi bacarmalıdır.  Bu işin əsas üstünlüyü müxtəlif insanlarla ünsiyyət qurma imkanının olmasıdır.

Əsas çatışmazlıq isə hər növ hava şəraitində işləmək, uzun müddət ayaq üstə qalmaqdır. Bələdçilər müxtəlif muzeylərdə, Şirvanşahlar sarayında, fərqli travel agentliklərində fəaliyyət göstərə bilər. Bu sahədə inkişaf etmək istəsəniz, Bələdçi Assosiasiyasına qoşula, müxtəlif seminar, təlimlərdə iştirak edə bilərsiniz. Bələdçi peşəsi üzrə daha rahat şəkildə iş tapmaq üçün universitetdə oxuyarkən fəaliyyətə başlamağınız məsləhətdir. Tələbə olarkən  müxtəlif travel agentliklərinə, muzeylərə könüllü kimi müraciət edə bilərsiniz. Mən təcrübəmi Şirvanşahlar sarayında keçmişdim. İş tapmağın daha bir yolu fəal olmaq, yaxşı ünsiyyət bacarığına malik olmaqdır. İnsanlarla işləməyi sevirsinizsə və fərqli mədəniyyətdən, ölkədən olan insanlarla tanış olmaq istəyirsinizsə, bu peşə sizin üçündür. Son zamanlar ölkədə bir çox müsabiqə və yarışlar təşkil olunur, bu kimi tədbirlərdə könüllü kimi çalışmaq məsləhətdir.

 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Turistlərin  qarşılanması;
  • ➝ Tur gedişatı ərzində məlumatların verilməsi;
  • ➝ Tur boyunca qonaqları müşayət etmək;
  • ➝ Ekskursiya proqramlarının hazırlanması və inkişafı;
  • ➝ Tematik məlumat materiallarının axtarışının həyata keçirilməsi;
  • ➝ Muzeylərə, təbiət qoruqlarına, yerli attraksionlara, sərgilərə, bağçılıq komplekslərinə və turistləri maraqlandıran digər obyektlərə ekskursiyaların keçirilməsi;
  • ➝ Ekskursiya obyektlərinə aid tarixi materialların və sənədlərin öyrənilməsi;
  • ➝ Görməli yerlər haqqında nağıl etmə üsullarının inkişafı;
  • ➝ Ekskursiya iştirakçılarına  təhlükəsizlik brifinqlərinin izahı;
  • ➝ Sənədləşmənin aparılması;
  • ➝ Ehtiyac yaranarsa, turistlərə ilk yardım göstərmək;
  • ➝ İştirakçıların suallarına cavab vermə

 

İxtisasın gələcəyi

Turizm ölkənin yüksək potensiala malik qeyri-neft sektoru sahələrindən biridir. Mütəxəssislərin hesablamalarına görə, 2023 – cü ilə qədər ölkədə turizm işçilərinə olan tələbat 75.000 nəfərdən çox olacaq ki, turizm bələdçiliyi ixtisasıda bu qrupa daxildir.

 

İş yerləri

  1. Tur bələdçisi
  2. Yaşıl turizm üzrə bələdçi
  3. Təmiz şəhər ASC-nin Sənət muzeylərində bələdçi
  4. Contact Translation Agency
  5. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi-Turizm Şöbəsi
  6. Old City Sweet Home
  7. Yerli və xarici turizm təşkilatlarında, səyahət agentliklərində;
  8. Azərbaycan Dövlət Turizm Agentliyi və.s kimi uyğun təyinatlı dövlət qurumlarında çalışa bilərlər;

 Hal-hazırda Mingəçevir Turizm Kollecində 78 nəfər təhsil alır.